CƏMİYYƏT
Sabunçu rayonunda “Kalaşnikov” markalı avtomatı satmaq istəyən şəxs saxlanılıb VİDEO
Bakı, 28 yanvar, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şöbəyə paytaxt sakini, əvvəllər məhkum edilmiş Abuzər Abuzərovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı 7 min manata satmaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış keçirilərkən bir ədəd “Kalaşnikov” markalı avtomat, 60 ədəd patron və həmin silaha məxsus daraq aşkarlanaraq götürülüb. Abuzər Abuzərov “Kalaşnikov” markalı odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə Balaxanı qəsəbəsində evlərdən silsilə oğurluqlar edən şəxs yaxalanıb. Əməliyyat zamanı paytaxt sakini Əli Əliyev tutularaq istintaqa təqdim edilib. Araşdırma nəticəsində onun Sabunçu rayonunun kənd və qəsəbələrində ümumilikdə 20-yə yaxın evdən oğurluq etdiyi müəyyənləşdirilib. Həmçinin Əli Əliyev saxlanılan zaman ondan narkotik vasitə olan heroin də aşkarlanıb.
Hər iki faktla bağlı 12-ci polis şöbəsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Saxlanılan şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.