Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 81 nəfər saxlanılıb VİDEO
AzerTAg.az
Bakı, 2 mart, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən fevralda Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı, Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 81 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyənləşdirilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 21 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Saxlanılan şəxslərin bir neçəsinin rayonda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyənləşdirilib. Onların hər biri barəsində idarənin İstintaq şöbəsində cinayət işləri başlanılıb.
Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.


Xəbərin mətnində orfoqrafik səhv var