CƏMİYYƏT
Sabunçu rayonunda pirotexniki vasitələrin topdan satışı ilə məşğul olan şəxs barəsində protokol tərtib edilib VİDEO
Bakı, 29 dekabr, AZƏRTAC
Polis əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələr və pirotexniki məmulatların satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Maştağa qəsəbəsində partlayıcı və tezalışan maddələrin topdan satışı ilə məşğul olan paytaxt sakini Əsəd Quliyev müəyyənləşdirilərək saxlanılıb. Onun yaşadığı evdən anbar kimi istifadə olunan yarımtikilidən satış üçün nəzərdə tutulan 2500 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitə aşkarlanaraq götürülüb.
Faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.