İQTİSADİYYAT
Sabunçu rayonunda ümumi uzunluğu 9 kilometr olan küçələr təmir edilir VİDEO
Bakı, 19 may, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Sabunçu rayonu üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 9 kilometr təşkil edən qəsəbədaxili küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri aparılır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda sözügedən rayonun Bilgəh qəsəbəsində ümumi uzunluğu 2 kilometr olan 2 küçədə yenidənqurma işlərinə başlanılıb. Hər birinin uzunluğu 1 kilometr olan Əliağa Ağayev və Rəsul Rza küçələrində aparılan təmir işləri çərçivəsində küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Daha sonra yol əsası hazır olan hissələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.
2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 3,1 kilometr uzunluğa malik Bəşir Bünyadov və uzunluğu 3,2 kilometr olan Nazim İsmayılov küçələrinin də təmiri nəzərdə tutulur. Bu çərçivədə qəsəbənin Bəşir Bünyadov küçəsində təmir işləri son mərhələ üzrə aparılır. Həmin küçədə işlərin yekunlaşması ardıcıllığına uyğun olaraq qəsəbənin Nazim İsmayılov küçəsinin də əsası şəkildə təmiri planlaşdırılır. Cari ilin İnvestisiya Proqramına daxil edilən Ramana qəsəbəsinin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunan, uzunluğu 700, eni isə 9 metr təşkil edən Mərkəzi küçəsində aparılan təmir-tikinti işləri isə artıq yekunlaşıb.
Hazırda qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində aparılır. Növbəti İnvestisiya Proqramları çərçivəsində rayon üzrə digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Sabunçu rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 200 kilometrdən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.