CƏMİYYƏT
Sabunçu rayonunda vəhşi quşların qanunsuz olaraq qəfəsdə saxlanılması faktı aşkarlanıb
Bakı, 16 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Sabunçu rayonunun Pirşağı qəsəbəsində fəaliyyət göstərən ictimai-iaşə obyektində qəfəsdə vəhşi quşların saxlanılması ilə bağlı şikayət daxil olub. Şikayəti Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları dərhal yerində araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı Pirşağı qəsəbəsində dənizkənarı zonada fəaliyyət göstərən ictimai-iaşə obyektində qanunsuz olaraq təbiətdən götürülmüş iki bozqır muymulu quşunun qəfəsdə saxlanıldığı faktı təsdiqini tapıb. Faktla bağlı obyektin sahibi Bəxtiyar Məmmədov barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 500 manat məbləğində cərimə edilib. Vəhşi quşlar götürülərək təbiətə buraxılıb.
ETSN ətraf mühitin qorunması və təbiəti mühafizə sahəsində əsl vətəndaş mövqeyi nümayiş etdirən hər bir şəxsə təşəkkürünü bildirir və vətəndaşların ekoloji qanun pozuntuları ilə rastlaşdıqda dərhal nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat vermələrini xahiş edir.