CƏMİYYƏT
Sabunçu rayonunda xüsusi karantin qaydalarını pozaraq kiçik toy məclisi təşkil edən şəxslər cərimələniblər
Bakı, 13 iyul, AZƏRTAC
Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, Sabunçu rayonunda gizli şəkildə kiçik toy məclisi təşkil edilməsinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə Ramana qəsəbəsinin Şuşa şəhərciyində yaşayan Azad Cavadovun oğluna toy məclisi təşkil etməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin əraziyə yollanaraq karantin rejimi qaydalarının pozulması halı aşkarlayıblar. Məclisin təşkilatçısı A.Cavadov və daha 15 qonaq saxlanılaraq polis şöbəsinə gətirilib.
Xüsusi karantin rejimi qaydalarını pozan 16 nəfər barəsində polis şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onların hər biri 200 manat məbləğində cərimələniblər.