CƏMİYYƏT
Sabunçu rayonunda yanacaqdoldurma məntəqəsində yanğın baş verib
Bakı, 15 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğının baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
İlkin məlumata əsasən, yanğın yanacaqdoldurma məntəqəsinin ərazisində bir dam altında tikilmiş birmərtəbəli, ümumi sahəsi 600 kvadratmetr olan və müxtəlif təyinatlı obyektlərin (kafe, avtoyuma və avtomobil təmiri məntəqələri və s.) fəaliyyət göstərdiyi tikililərdən birində baş verib. Yanğın nəticəsində sahəsi 116 kvadratmetr olan və kafe kimi fəaliyyət göstərən tikilinin 90 kvadratmetrlik hissəsi yanıb. Yüksək temperaturdan avtomobil təmiri məntəqəsinin lambirindən ibarət tavanı 415 kvadratmetr sahədə yanıb. Bitişik tikililərin qalan hissəsi, təmirə dayanmış avtomobillər və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.