CƏMİYYƏT
Sabunçu rayonunda yanvar ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb VİDEO
Bakı, 29 yanvar, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının bu il yanvarın əvvəlindən bu günədək həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Bakıxanov, Balaxanı, Pirşağı, Maştağa və digər qəsəbələrində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 40 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bu şəxslərin hər biri barəsində rayon polis idarəsinin istintaq şöbəsində araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən ümumilikdə dörd kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
Narkotik vasitələrin Sabunçu rayonunda qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.