CƏMİYYƏT
Sabunçu rayonunun şagirdləri müxtəlif ölkələrdən olan həmyaşıdlarına təbrik ünvanlayıblar
Bakı, 1 iyun, AZƏRTAC
Sabunçu Rayon İcra Hakimiyyətinin, Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı və Sabunçu rayonu məktəblilərinin iştirakı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar bizim dünyamızdır” adlı tədbir keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, layihə çərçivəsində təşkil olunan tədbirdə Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə balacaları təbrik edib.
Sonra Sabunçu rayonundakı 26 məktəbin şagirdləri və Bakı Gənclər Mərkəzinin üzvləri müxtəlif ölkələrin milli mədəniyyətlərinin nümunələrini təqdim edərək, həmin ölkələrin dillərində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün dünyadakı həmyaşıdlarına təbriklərini çatdırıblar.
Onlayn tədbirin sonunda uşaqlar “Biz dünyayıq” (We are the world) mahnısını ifa ediblər. Tədbirlə bağlı hazırlanan videoçarxı aşağıdakı keçid vasitəsilə izləmək mümkündür: https://www.youtube.com/watch?v=gO7R6NyP7ag