CƏMİYYƏT
Sabunçu və Abşeron rayonlarında evlərdən oğurluq edən şəxs saxlanılıb VİDEO
Bakı, 23 noyabr, AZƏRTAC
Sabunçu rayonunun Ramana qəsəbəsinin Südçülük sovxozunda paytaxt sakini Ürfan Vəliyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib.
Bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci polis bölməsinə (PB) məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şikayətçi evdə olmadıqları zaman naməlum şəxs tərəfindən onun mənzilindən məişət və digər qiymətli əşyaların oğurlandığını bildirib.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının “isti izlər”lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Goranboy rayon sakini Ramil Tanrıverdiyev saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, R.Tanrıverdiyev oğurladığı əşyaları əvvəlcə kirayə yaşadığı evə gətirib. Daha sonra isə həmin əşyaların bir qismini Sabunçu bazarına apararaq orada satıb. Saxlanılan şəxsin ətrafında aparılan əlavə tədbirlərlə onun Sabunçu və Abşeron rayonları ərazisində daha bir neçə mənzildən oğurluq etdiyi də müəyyən edilib.
Faktlarla bağlı Sabunçu RPİ İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.