CƏMİYYƏT
Sabunçu və Binəqədi rayonlarında parklanma qaydalarının pozulmasına qarşı keçirilən reydlər zamanı 175 nəfər cərimələnib
Bakı, 25 yanvar, AZƏRTAC
Yol polisi avtomobillərin qanunsuz parklanması ilə əlaqədar təkcə paytaxtın mərkəzi küçələrində yox, ətraf ərazilərdə də reydlər keçirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti reyd Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsində baş tutub. Gün ərzində keçirilən reydlərdə 90-a yaxın sürücü barəsində inzibati protokol tərtib olunub. Reydlər zamanı qanunsuz parklama xidməti təşkil edən 12-yə yaxın şəxs də müəyyənləşdirilərək inzibati məsuliyyətə cəlb edilib.
Analoji tədbir Binəqədi rayonu ərazisində də həyata keçirilib. Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən rayonun müxtəlif ərazilərində avtomobillərini əsasən səkilərdə qanunsuz saxlayan və bununla da piyadaların hərəkətinə maneə yaradan sürücülər müəyyən ediliblər. Qayda pozuntularına yol verən 73 sürücü barəsində inzibati protokol tərtib olunub.
Sabunçu və Binəqədi rayonlarında yol polisi tərəfindən reydlər mütəmadi davam etdiriləcək.