CƏMİYYƏT
Sabunçu və Nəsimi rayonlarında oğurluq edən keçmiş məhkumlar tutulublar
Bakı, 30 iyun, AZƏRTAC
Sabunçu və Nəsimi rayonları ərazisində oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 27-də Sabunçu rayonu ərazisindəki avtoyuma məntəqələrinin birindən 800 manat pul oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş C.Əliyev Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
İyunun 28-də Nəsimi rayon ərazisindəki mağazaların birindən içərisində 1530 manat və 200 ABŞ dolları məbləğində pul, habelə sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş K.Alcanov Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.