CƏMİYYƏT
Sabunçuda 921 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO
Bakı, 3 iyun, AZƏRTAC
Daxili işlər orqanları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Əhməd Quliyev saxlanılıb.
Ona məxsus bağ evinin həyətindəki ümumi sahəsi 880 kvadratmetr olan iki istixanaya baxış keçirilib və kultivasiya yolu ilə yetişdirilən çəkisi 921 kiloqram olan 4021 çətənə kolu aşkarlanaraq götürülüb. Ə.Quliyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib. Saxlanılan şəxsin məqsədi çətənə kollarını qurudandan sonra satmaq olub. İstintaq zamanı Ə.Quliyevin paytaxt və eləcə də bölgələrdə narkotik maddələrin satışını həyata keçirən narkotacir olduğu müəyyənləşib.
Faktla bağlı 14-cü polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.