CƏMİYYƏT
Sabunçuda antisanitar şəraitdə süd və süd məhsulları istehsal edən sexin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 4 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə paytaxt sakini tərəfindən Sabunçu rayonundakı Bakıxanov qəsəbəsində antisanitar şəraitdə süd və süd məhsullarının istehsal edilməsi ilə bağlı şikayət daxil olub. Daxil olan məlumat əsasında ərazidə monitorinq aparılıb və şikayət öz təsdiqini tapıb.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fiziki şəxs Məmmədov Ağaverdi Əliəşrəf oğluna məxsus sexdə süd məhsullarının istehsalı zamanı sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi üzə çıxıb.
Məlum olub ki, qəbul olunan xammal açıq havada - günəş şüalarının altında saxlanılır və istehsal sahəsinə daşınan zaman temperatur rejimi və daşınma qaydalarına əməl olunmur. Baxış zamanı müəssisədə xammal qəbul olunan və süd məhsulları qablaşdırılan emal sahəsində antisanitar şəraitin hökm sürdüyü, istehsal üçün nəzərdə tutulmuş süd məhsullarının plastik vedrələrə yığıldığı və sanitar normalara uyğun olmayan şəraitdə saxlanıldığı məlum olub.
Yoxlama zamanı məhsulların istehsalında qanunsuz olaraq bitki tərkibli qarışıq yağlardan, süd yağı əvəzedicisindən, eyni zamanda, “Pimalac” antibiotikindən istifadə edildiyi aşkar edilib.
Aşkar olunmuş nöqsanlar əsasında çörək istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.
Vətəndaşlardan qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatların 1003 nömrəli “Çağrı Mərkəzi”nə zəng edib xəbər vermələri xahiş olunur.