CƏMİYYƏT
Sabunçuda marketdən oğurluq etmək istəyən şəxs mühafizə polisləri tərəfindən saxlanılıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Sabunçu Rayon Mühafizə İdarəsinin (RMİ) əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, o cümlədən mülkiyyət əleyhinə olan oğurluq cinayətlərinin qarşının vaxtında alınması sahəsində uğurlu əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki siqnalizasiya sistemləri ilə təchiz olunaraq qorunan marketlərin birindən mərkəzi mühafizə məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Hadisə yerinə gələn rayon mühafizə idarəsinin əməkdaşları, obyektin pəncərəsinin qırıldığını və marketdə naməlum şəxsin olduğunu aşkar ediblər. Mühafizə polisinin gəldiyini görən həmin şəxs müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd göstərib. Amma o, polis əməkdaşlarının çevikliyi sayəsində vaxtında saxlanılaraq ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılanda həmin şəxsin Yasamal rayon sakini, əvvəllər dəfələrlə məhkum edilən Fərid Quliyev olduğu müəyyənləşib.
Faktla bağlı araşdırmalar davam etdirilir. Polis əməkdaşları oğurluğa cəhd göstərməkdə şübhəli bilinən bu şəxsin digər cinayətlərdə iştirakını da istisna etmirlər. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Sabunçu Rayon Polis İdarəsinin müraciət edə bilərlər.