CƏMİYYƏT
Sabunçuda narkotik satan və silah saxlayan şəxs tutulub VİDEO
Bakı, 21 fevral, AZƏRTAC
Sabunçu rayonunda narkotiklərin satışı ilə məşğul olan və qanunsuz odlu silah saxlayan daha bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilib ki, Maştağa qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Hüseynəli Xəlilov Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində saxlanılıb. Bu şəxsin üstündən 20 qrama yaxın metamfetamin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq onun evindən əlavə 2 kiloqram marixuana, 1 ədəd “Kalaşnikov” markalı avtomat və 1 ədəd həmin silaha aid daraq aşkar edilib. Hüseynəli Xəlilov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını etiraf edib.
Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.