CƏMİYYƏT
Sabunçuda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb VİDEO
Bakı, 12 iyul, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 13-cü və 15-ci polis bölmələrinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, üzərində odlu silah-sursat saxlayan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəllər də məhkum olunmuş paytaxt sakini Asim Hüseynov daxil olan məlumat əsasında Bakıxanov qəsəbəsində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 11,5 qram heroin, habelə idarə etdiyi “Daewoo” markalı avtomobildən “Makarov” markalı tapança, bir patron darağı və səkkiz patron, həmçinin bir bıçaq və taxta dəyənək aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin əşyaların ona məxsus olduğunu etiraf edib.
Sabunçu Rayon Polis İdarəsi 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş paytaxt sakini Vasif Abdulov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,9 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq V.Abdulovun idarə etdiyi “Mitsubishi” markalı avtomobildən əlavə olaraq 31,119 qram heroin, 29,450 qram metamfetamin, “Toz-16” markalı ov tüfəngi və bir xəncər aşkarlanıb.
Faktlarla bağlı toplanan materiallar əsasında Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.