İQTİSADİYYAT


Sabunçunun bəzi küçə və prospektlərində yol infrastrukturu yenidən qurulur

Bakı, 24 aprel, AZƏRTAC 

Paytaxtın Sabunçu rayonu üzrə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri aparılır. Bu yollardan biri də rayonun Bakıxanov qəsəbəsinin General Səmədbəy Mehmandarov prospektidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, prospekt boyunca yeni yol infrastrukturunun yaradılması Bakıxanov qəsəbəsi ilə Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yolunun yenidən qurulması layihə çərçivəsində həyata keçirilir. İki hərəkət zolaqlı yolun uzunluğu 5,1 kilometr, eni 20 metrdir. Hazırda yolboyu asfaltlanma işləri görülür. Artıq müəyyən hissədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşdırılıb. Ümumilikdə isə təmir-tikinti işləri çərçivəsində yolboyu təqribən 60 min kvadratmetr sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır.

Sabunçu rayonunda müasir yol infrastrukturunun yaradıldığı daha bir küçə Ramana qəsəbəsinin Elşən Məhərrəmli küçəsidir. Uzunluğu 3 kilometr, eni isə 9 metr olan küçənin 27 min kvadratmetr sahəsində təmir-bərpa işləri görülür. Ramana qəsəbəsinin əsas yollarından biri olan Elşən Məhərrəmli küçəsindən qəsəbənin 15 mindən artıq əhalisi istifadə edir.

Rayon üzrə 10 mindən çox əhalisi olan “Savalan” yaşayış massivində də 3 kilometr uzunluğa malik olan yolda təmir-bərpa işləri aparılıb, 20 min kvadratmetr sahədə yeni asfalt-beton örtüyü döşənib.

Maştağa qəsəbəsinin 1,4 kilometr uzunluğa və 7 metr enə malik Məhəmməd Şəfai küçəsi də təmir edilib. Təmir işləri zamanı əvvəlcə küçə profilə salınıb, daha sonra küçənin 14 min kvadratmetrdən çox sahəsinə xırda dənəli asfalt-beton örtüyü döşənib.

Yaxın müddətdə rayonun Maştağa qəsəbəsində Mirəli Mirəliyev, Sabunçu qəsəbəsində İlyas Aslanov, Zabrat qəsəbəsində isə Qazi Məmməd küçələrində təmir-tikinti işlərinə başlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.