REGİONLAR
Sac üstə bişirilən göy qutabının mövsümüdür VİDEO
Xaçmaz, 18 aprel, Elxan Yusifli, AZƏRTAC
Bu günlərdə şimal bölgəsində yerləşən hər hansı bir kənddə qonaq olsanız, mütləq sac üstə qızardılan xəmirin, göyərtinin ətrini duyacaqsızınız. Hazırda Azərbaycan mətbəxinin ən sevilən təamlarından olan göy qutabının mövsümüdür.
Xaçmaz sakini 60 yaşlı Gülsənəm Aslanova AZƏRTAC-ın müxbirinə bildirib ki, bu mövsümdə tər göyərtilərdən hazırlanan göy qutabının yerini heç nə verə bilməz. Rayonun Hacıəhmədoba kəndində yaşayan evdar xanım qutab hazırlayarkən təsərrüfatında becərilənlərlə yanaşı, yabanı göyərtilərdən də çox istifadə edir. Çöllərdə bitən quşəppəyi, cincilim, əvəlik göy qutabının əvəzsiz inqridientləridir. Bu yabanı bitkilər çox vitaminli və faydalıdır.
“İçindəki göyərtilərdən başqa göy qutabına dad verən əsas məqamlardan biri də onun bişirilmə qaydasıdır. Bu qutab sac üzərində bişiriləndə daha ləzzətli olur. Sacda bişirilən qutabın ölçüsü də digərlərindən böyüklüyü ilə seçilir”, - deyə G.Aslanova vurğualyıb.
Qutabı adətən bişirərkən elə sacın kənarında isti-isti yeyirlər. Qaynar göy qutabının arasına kərə yağı sürtülür. Yağ qutabın “canına” keçdikdən sonra qatıqla birlikdə yeyilir. Qutabın ət, qarın, ciyərlə bişirilən növləri də populyardır. Amma ən faydalısı göy qutabı sayılır və əsasən yaz aylarında, təbiətin canlandığı vaxtda bişirilir.