İQTİSADİYYAT


Sadələşdirilmiş vergiödəyicilərinin fəaliyyət sahələri

Bakı, 30 noyabr, AZƏRTAC 

Vergi Məcəlləsinin 218.4-cü maddəsində sadələşdirilmiş vergiödəyicisi olan şəxslərin dairəsi dəqiq müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, iqtisadçı ekspert Anar Bayramov həmin şəxslərin fəaliyyət sahələrinə bir daha aydınlıq gətirib.

Ekspert bildirib ki, məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş vergiödəyicisi qrupuna daxildir.

Onun sözlərinə görə, əlavə dəyəri vergisi üçün nəzərdə tutulan tələblərə cavab vermədiyindən könüllü qeydiyyat üçün ƏDV-yə müraciət etməyən daşınma xidməti ilə məşğul olan hüquqi və fiziki şəxslər yalnız sadələşdirilmiş vergiödəyicisi olmalıdır. Bu qrupa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” alaraq sadələşdirilmiş vergi ödəyənlər aiddir.

A.Bayramov deyib ki, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər kateqoriyasına “TOPAZ” mərc oyununu həyata keçirən şəxslər aid edilir: “Qeyd edək ki, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru tərəfindən oyun iştirakçılarından qəbul edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının satıcısı tərəfindən isə operatorun ona verdiyi komissiya haqqından 2 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır”.

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslərlə bağlı maddəyə münasibət bildirən iqtisadçı deyib ki, 2020-ci il yanvarın 1-dən sözügedən maddə yalnız fiziki şəxslərə şamil olunduğundan hüquqi şəxslərin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı, bağışlanması zamanı sadələşdirilmiş verginin hesablanmasına ehtiyac olmayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.