CƏMİYYƏT


Sadhqurunun Heydər Əliyev Mərkəzindəki mühazirəsinə biletlər bitib, yeni zaldan biletlər satışa çıxarılıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Dünya şöhrətli yoqin və mistik Sadhqurunun noyabrın 10-da Heydər Əliyev Mərkəzinin Auditorium zalında keçiriləcək mühazirəsinə biletlər artıq bitib. Sadhquru izləyicilərinin müraciət və istəklərini nəzərə alaraq Mərkəzin digər zalı-konfrans zalı üçün əlavə biletlər satışa çıxarılıb. Tamaşaçılar bu zalda quraşdırılmış böyük monitorda Sadhqurunun Mərkəzdəki mühazirəsini canlı izləyə biləcəklər.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, mühazirə bitdikdən sonra Sadhquru konfrans zalında izləyiciləri ilə görüşəcək və onlar üçün kitablarını imzalayacaq.

Yeni satışa çıxarılmış biletlərin qiyməti 7 AZN-dir. Biletləri Mərkəzin kassasından, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar.

Qeyd edək ki, Sadhquru Heydər Əliyev Mərkəzində "Mənəvi quruculuq: gümrahlığın texnologiyaları" (İnner Engineering: Technologies For Wellbeing) mövzusunda mühazirə ilə çıxış edəcək.

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları" dərin və davamlı şəxsi transformasiyadan keçmək üçün qədim yoqa elmindən əldə edilən hərtərəfli bir sistemdir. Bu, insanın bədəni, ağılı, duyğuları və enerjisini pik nöqtədə, tam harmoniyada birləşdirmə üsuludur, hər hansı bir fiziki hazırlıq və ya yoqa haqda bilik tələb etmir, asanlıqla istənilən həyat tərzinə inteqrasiya etmək mümkündür.

Mühazirə zamanı bədən və emosiyalara, insanın daxili enerjisinə müdrikliklə nəzarət etmək vasitələri barədə danışılacaq, auditoriyanın suallarına cavab veriləcək.

Mühazirəçi ingilis dilində çıxış edəcək, Azərbaycan və rus dillərinə isə sinxron tərcümə olunacaq.

Hindistanın 50 nüfuzlu şəxsinin sırasında olan Sadhquru yoqin, mistik, bestseller müəllifidir, özünü insanların mənəvi və fiziki rifahının yüksəlişinə həsr edib. O, müstəsna xidmətlərinə görə Hindistanın “Padma Vibhuşan” ("Padma Vibhushan") dövlət mükafatı ilə təltif olunub. Dərin, təsirli və məntiqli çıxışları Sadhquruya natiq kimi beynəlxalq nüfuz qazandırıb. Mövcud problemlər və dünya məsələlərinə dəqiq, qəti baxışı, insan rifahı mövzusuna öz yanaşması olan Sadhquru bir sıra beynəlxalq forumlarda, o cümlədən BMT-nin mənzil qərargahında əsas, Ümumdünya İqtisadi Forumunda isə mütəmadi çıxışçı olub, TED konfranslarında izləyicilərlə görüşüb. O, Oksford, Stenford, Harvard, Uorton, Yel universitetlərində, Massaçuset Texnologiya İnstitutunda və dünyanın digər qabaqcıl ali təhsil müəssisələrində çıxış edib. Sadhquru 1992-ci ildə insanların rifahına xidmət edən beynəlxalq İşa Fondunu yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.