ELM VƏ TƏHSİL
Saffet Köse: Qafqazda formalaşan, inkişaf edən İslam mədəniyyətinin dünyaya verəcəyi mesajlar çoxdur
Bakı, 11 iyul, AZƏRTAC
Qafqazda İslam mədəniyyətinin müzakirə olunduğu bir simpoziumun iştirakçısı olmağımla qurur duyuram. Qafqazda formalaşan, inkişaf edən İslam mədəniyyətinin dünyaya verəcəyi mesajlar çoxdur.
Bu fikri AZƏRTAC-a müsahibəsində İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri” panelinin moderatoru, “İzmir Katip Çelebi” Universitetinin rektoru, professor Saffet Köse deyib. O bildirib ki, tarixi sənədlər Qafqaz regionunun İslamla tanışlığının miladi təqvimlə 642-ci ilə təsadüf etdiyini göstərir. O dövrdən etibarən İslam mədəniyyəti bu bölgədə aparıcı rol oynayır.
“Etiraf etməliyik ki, bu gün dünyada müsəlmanlar, İslam lazımi səviyyədə çatdırılmır, təbliğ olunmur. Müasir dövrümüzdə İslamın yayıldığı coğrafiyada vəziyyət o qədər də ürəkaçan deyil. Simpoziumda bu vəziyyətin səbəbləri müzakirə olunacaq. Ümid edirəm ki, Simpozium öz məqsədlərinə nail olacaq”, - deyə professor Saffet Köse qeyd edib.