REGİONLAR
Şaftalı bağlarında məhsuldarlıq aşağı olsa da, meyvənin qiyməti təsərrüfatçıları qane edir VİDEO
Xaçmaz, 28 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmazlı təsərrüfatçılar şaftalı bağlarından məhsul yığımına başlayıblar. Bu günlərdə bağlardan şaftalının “Zalatoy” və “Fədai” kimi tezyetişən sortları yığılır.
AZƏRTAC xəbər verir ki, qeyri-sabit hava səbəbindən bu mövsüm şaftalı bağlarında məhsuldarlıq aşağı olsa da, meyvənin qiyməti təsərrüfatçıları qane edir. Onlar şaftalının bir kiloqramını 70 qəpik-1 manata satırlar.
Xaçmaz rayonunda şaftalı bağları ən çox Nərəcan kəndi ərazisindədir. Burada 800 hektara yaxın meyvə bağında şaftalının 50-dən çox növü becərilir. Nərəcanda yetişdirilən şaftalı nəinki Xaçmazda, eləcə də bütün Azərbaycanda tanınır.
Nərəcan kənd sakini, təsərrüfatçı Saleh Əhmədov bağının böyük hissəsində şaftalı yetişdirir. “Bağımızda 10-a yaxın şaftalı sortu yetişdiririk. Bu il məhsuldarlıq aşağı olsa da, qiymət ötən illə müqayisədə təxminən 30-40 faiz yüksəkdir. Müştəri sarıdan da korluq çəkmirik. Qiymət belə qalacağı halda gəlir əldə edə biləcəyik”.
Şaftalı yerli və paytaxt bazarlarında satılmaqla yanaşı, qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə də göndərilir. Məhsul yığımı oktyabr ayınadək davam edəcək.
Ümumilikdə, Xaçmaz rayonunda 2 min 500 hektara yaxın şaftalı bağı var ki, bunun da yarıdan çoxu barverəndir. Hər il rayon bağlarından 15 min tondan çox şaftalı toplanır.