REGİONLAR
Şaftalının satış qiyməti xaçmazlı təsərrüfatçıları qane edir VİDEO
Xaçmaz, 10 iyul, Elxan Yusifli, AZƏRTAC
Xaçmazın şaftalı bağlarında məhsul yığımının ən qızğın çağıdır. Təsərrüfatçılar iyulun ilk günlərindən şaftalı bağlarından məhsul yığımına başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mövsüm bağlarda məhsuldarlıq yüksəkdir. Hazırda şaftalının “Zalatoy”, “Fədai” və “Nektarin” kimi tezyetişən sortları yığılır.
Xaçmaz rayonunda şaftalı bağları ən çox Nərəcan inzibati dairəsinə aid kəndlərin ərazisindədir. Burada 1000 hektardan çox meyvə bağında şaftalının 50-dən çox növü becərilir.
Meyvənin hazırkı qiyməti də təsərrüfatçıları qane edir. Onlar şaftalının bir kiloqramını növündən və keyfiyyətindən asılı olaraq 50 qəpikdən 1 manata kimi dəyişən qiymətlərlə satırlar.
Mançaroba kəndindən olan təsərrüfatçı Rafiq Ağamirzəyev deyir ki, müştəri sarıdan korluq çəkmirlər. “Yerli və paytaxt bazarlarında da satılan şaftalının böyük hissəsini Rusiyanın müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndəririk. Rusiya bazarlarına aparılan meyvə bir müddət rayon ərazisindəki soyuducu anbarlarda saxlanıldıqdan sonra iritutumlu yük avtomobillərinə yüklənərək qonşu ölkəyə yola salınır”, - deyə o bildirib.
Hava şəraitinin mülayim keçməsi və zərərvericilərə qarşı görülən tədbirlər məhsuldarlığa müsbət təsir göstərib.
Çiləgir kəndində yarım hektar sahədə şaftalı becərən Orxan Yusifov bildirir ki, əksər sort şaftalı ağacları bu il bol məhsul gətirib. “Bizim bağlarda yetişdirilən şaftalı nəinki Xaçmazda, eləcə də bütün Azərbaycanda tanınır. Bağ sahiblərinin 90 faizi şaftalı yetişdirir. İndi mövsümün ən qızğın çağıdır. Hər gün məhsul toplayırıq. Qiymət ötən illə müqayisədə bahadır”, - deyə təsərrüfatçı əlavə edib.
Xaçmazda şaftalı yığımı oktyabradək davam edəcək.
Ümumilikdə, Xaçmaz rayonunda 3 min hektaradək şaftalı bağı var ki, bunun da böyük hissəsi barverəndir. Hər il rayon bağlarından 20 min tonadək şaftalı toplanır.