REGİONLAR
Şagirdlər Lənkəran Dövlət Universitetinin tədris-təcrübə bazasından yararlanmaq imkanı qazanıblar
Lənkəran, 4 fevral, Bağır Əliyev, AZƏRTAC
Təhsil nazirinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi barədə” müvafiq əmrinə əsasən, 2018-2019-cu tədris ilində Lənkəran Dövlət Universiteti (LDU) Astara və Yardımlı rayonları ilə yanaşı, Lənkəran şəhərinin tam orta məktəbləri ilə də əməkdaşlıq edəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 4-də pilot layihə çərçivəsində Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri üçün kimya və biologiya fənlərindən açıq dərslər keçirilib.
Məktəbin kimya təmayüllü XI sinif şagirdləri üçün LDU-nun kimya laboratoriyasında kimya fənnindən ”Atomun quruluşu və hibridləşmə haqqında” nümunəvi açıq dərsi kimya və fizika kafedrasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent İsa Hüseynov və kafedranın müəllimi Tərlan Ağazadə təqdim ediblər.
Paralel olaraq universitetin biologiya laboratoriyasında 10 nömrəli tam orta məktəbin texniki və təbiət təmayüllü X sinif şagirdləri üçün biologiya fənnindən “İrsən keçmənin qanunauyğunluqları” mövzusunda keçirilən açıq dərsi biologiya və tibbi biliklər kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru, dosent Məhəmmədhüseyn Hüseynov aparıb.
Açıq dərslərdə nəzəri bilgilərlə yanaşı, şagirdlərə praktiki vərdişlər də aşılanıb, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, LDU-da fəaliyyət göstərən “Biologiya və tibbi biliklər” kafedrasının nəzdində biologiya tədris laboratoriyası və “Kimya və fizika” kafedrasının nəzdində kimya tədris laboratoriyası 2016/2017-ci tədris ilində yaradılıb. Hər iki laboratoriya Almaniyanın PASCO şirkətinin rəqəmsal avadanlığı ilə təmin edilib.
Laboratoriyalarda həm biologiyadan, həm də kimyadan 15-dən artıq laboratoriya işini həyata keçirmək mümkündür. Bu laboratoriyaların hər biri müasir kompüterlərlə təchiz olunub.
Fotosintez prosesini, havanın rütubətini, ürək fəaliyyətini, üzvi və qeyri-üzvi maddələrin müxtəlif xassələrini öyrənmək imkanı verən laboratoriyalarda analitik ölçmələr aparmaq, maddələrdən endotermik və ekzotermik istiliyin ayrılması və udulması ilə gedən reaksiyalari izləmək mümkündür.
Laboratoriyalarda təcrübi işləri aparan tələbələr orta məktəbdə müxtəlif siniflərdə biologiya və kimya fənlərinin tədrisində böyük üstünlüyə malik olacaqlar.
Növbəti günlərdə nümunəvi dərslərlə paralel olaraq, orta məktəb şagirdləri üçün laboratoriya məşğələləri də keçiriləcək. Bu məşğələlərdə şagirdlərə biologiya və kimya fənlərindən ən vacib təcrübi biliklər aşılanacaq, onlar müasir laboratoriya avadanlığı ilə tanış ediləcək, lazımi bilgilər ala biləcəklər.
Qeyd edək ki, layihənin ilkin mərhələsində Lənkəran şəhər 7, 9, 10 nömrəli tam orta məktəblərin və Xarici Dillər Təmayüllü Gimnaziyanın yuxarı sinif şagirdləri fevralın 13-nə kimi bu imkandan bəhrələnə biləcəklər. Sonrakı mərhələlərdə digər məktəblərin şagirdlərinə də LDU-nun tədris bazasından yararlanmaq imkanı yaradılacaq.