REGİONLAR


Şagirdlər Naxçıvan Dövlət Universiteti ilə tanış olublar

Naxçıvan, 3 may, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində “Açıq qapı” günü çərçivəsində Naxçıvan şəhərinin və Babək rayonunun tam orta məktəblərinin, ümumilikdə 44 şagirdi ali təhsil ocağında olub.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, şagirdlərlə görüşündə ali təhsil ocağının Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov onların gələcək peşə seçimində bu kimi layihələrin yüksək rol oynadığını bildirib.

Əvvəlcə universitetin Elmi kitabxanasında olan şagirdlərə buradakı iş fəaliyyəti, kitabların elektronlaşdırılması yolları, elektron oxu zalı haqqında ətraflı məlumat verilib.

Məktəblilər sonra Konservatoriyada olub, Orkestr alətləri və dirijorluq kafedrasının “Nəfəs alətləri” orkestrinin ifasında musiqiləri dinləyib, rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

Tibb fakültəsində olan şagirdlərə fakültənin müasir tədris üsullarına malik laboratoriyaları, təcrübi dərslərin keçilməsi üçün burada mövcud olan müasir texniki imkanlar barədə məlumat verilib.

Məktəblilər Xarici dillər fakültəsində də olub, ölkəmizdə bir ilk olan sinxron otağının, linqafon kabinələrinin iş prinsipi ilə tanış olub, müxtəlif xarici dil mərkəzləri ilə maraqlanıblar. Onlar Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində biologiya və kimya laboratoriyasında olub, Pedaqoji fakültənin nəzdində kulinariya, texnologiya və digər kabinələrinə baxıblar. Atıcılıq mərkəzində olan şagirdlər atıcılıq qaydaları və üsullarını öyrəniblər.

Sonra məktəblilər Memarlıq və mühəndislik fakültəsi və buradakı robototexnika kabinəsi ilə tanış olub, alternativ enerji mənbələri - külək və günəş panelləri haqında ətraflı məlumat alıblar.

İqtisadiyyat və idarəetmə fakültəsi ilə tanış olan şagirdlərə ali təhsil ocağının tədrisi ingilis dilində olan İqtisadiyyat ixtisası haqında məlumat verilib.

Sonda anket sorğuda iştirak edən şagirdlər universitetlə bağlı öz xoş təəssüratlarını bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.