Şagirdlər “Ulu öndər Heydər Əliyev və uşaq hüquqlarının müdafiəsi” mövzusunda maarifləndirilib
AzerTAg.az
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Ombudsman Aparatı tərəfindən “Ümummilli lider Heydər Əliyev və uşaq hüquqlarının müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Cavanşir Rəhimov adına 146 nömrəli tam orta məktəbin şagirdləri üçün “Ümummilli lider Heydər Əliyev və uşaq hüquqlarının müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə uşaqlara qayğı, onların hüquq və maraqlarının təmin olunması istiqamətində görülən işlər, dövlət uşaq siyasətinin hüquqi əsaslarının formalaşması barədə məlumat verib.
Sonra Uşaq hüquqlarının müdafiəsi sektorunun aparıcı məsləhətçisi Azər İsalı çıxış edərək, uşaqların mövcud beynəlxalq və milli qanunvericilik aktları ilə müəyyən olunmuş hüquq və vəzifələri, onların zorakılıq, ayrı-seçkilik, istismar hallarından müdafiəsi barədə danışıb.
Bununla yanaşı, tədbir zamanı təsisatın uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, ombudsmanın ünvanına daxil olan müraciətlərin araşdırılması və təmini istiqamətində görülən işlər barəsində iştirakçılara məlumat verilib.
İnteraktiv formada keçirilən tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Xəbərin mətnində orfoqrafik səhv var