ELM VƏ TƏHSİL


Şagirdlər arasında “Nizami dünyası” intellektual müsabiqəsi keçiriləcək

Bakı, 29 aprel, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Nizami dünyası” adlı intellektual müsabiqəyə start veriləcək.

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, müsabiqə BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında onlayn formada keçiriləcək.

Müsabiqənin əsas məqsədi BŞTİ-nin əmri ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onlarda araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdir.

Üç mərhələdən ibarət müsabiqənin I mərhələsi (məktəbdaxili mərhələ) mayın 1-dən 18-dək keçiriləcək. Məktəbdaxili mərhələdə hər məktəbdən ən yüksək nəticə əldə etmiş şagird seçilərək müsabiqənin II mərhələsinə buraxılacaq.

İkinci mərhələ Bakı şəhərinin inzibati rayonları üzrə mayın 19-dan 24-dək “Kiçik akademiya” üzrə mərkəz olaraq müəyyən edilən məktəblər tərəfindən təşkil olunacaq.

Hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan şagirdlər müsabiqənin mayın 25-dən 30-dək keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanacaq.

Qeyd edək ki, müsabiqənin əsas mövzuları Nizami Gəncəvinin həyatı, qəzəlləri, müdrik kəlamları, “Xəmsə”, görkəmli şəxslərin dahi şair haqqında söylədiyi fikirlər və Nizami yaradıcılığındakı məşhur obrazlardan ibarətdir.

Müsabiqənin final mərhələsində Təşkilat Komitəsi tərəfindən ümumilikdə qalib kimi 9 şagird (2 nəfər I yer, 2 nəfər II yer, 2 nəfər III yer, 3 nəfər həvənləndirici yer) müəyyənləşdiriləcək.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.