REGİONLAR
Şagirdlər arasında keçirilən dram müsabiqəsi başa çatıb
Naxçıvan, 1 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında keçirilən dram müsabiqəsinin şəhər mərhələsi başa çatıb.
Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, şəhər mərhələsində beş məktəbdən 54 şagird iştirak edib.
Bu mərhələdə Heydər Əliyev adına Hərbi Lisey üzrə Mirvari Dilbazinin “Xocalı fəryadı”, Heydər Əliyev adına tam orta məktəb üzrə Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, Naxçıvan Qarnizonu tam orta məktəbi üzrə Süleyman Rüstəmin “Ana və poçtalyon”, Naxçıvan Qızlar Liseyi üzrə Hüseyn Cavidin “Qız məktəbində”, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üzrə isə Hüseyn Cavidin “Topal Teymur” əsərləri səhnələşdirilib.
Şərtlərə görə müsabiqədə məktəblilərin qiymətləndirilməsi onların geyimi, aktyor oyunu və obrazlı ifasına, səhnə danışığına riayət edilməsi, səhnə və musiqi tərtibatı meyarlarına görə aparılıb.
Müsabiqənin şəhər mərhələsində I yerə Heydər Əliyev adına Hərbi Lisey, II yerə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey, III yerə isə Heydər Əliyev adına tam orta məktəb, Naxçıvan Qarnizonu tam orta məktəbi və Naxçıvan Qızlar Liseyi layiq görülüb. Qaliblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomları ilə mükafatlandırılıblar.
I yerə layiq görülən Heydər Əliyev adına Hərbi Lisey üzrə Mirvari Dilbazinin “Xocalı fəryadı” səhnəsi müsabiqənin bu il aprelin 8-də keçiriləcək muxtar respublika mərhələsində iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan və dünya xalqlarının ədəbiyyatları, şifahi xalq ədəbiyyatı, klassik və müasir ədəbiyyat və “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən əsərlərin məktəblilər arasında təbliği, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması məqsədilə keçirilən müsabiqənin seçim mərhələsi yanvar ayında olub və seçilmiş səhnələr şəhər mərhələsində iştirak etmək hüququ qazanıb.