CƏMİYYƏT
Şagirdlər fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları haqqında məlumatlandırılıb
Bakı, 19 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi fevralın 19-da Tərtər rayonunun Şıxarx qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər rayon 34 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbir məktəbin kollektivinə fövqəladə hadisələr zamanı davranış qaydalarına dair biliklərin aşılanması məqsədilə keçirilib.
Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr edilib, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, mülki müdafiə, eyni zamanda, “112” qaynar xətti” haqqında dolğun məlumatlar verilib.
Sonra təhsil müəssisələrinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarına videoçarx nümayiş olunub, maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanıb.
Görüşdə FHN-in Qarabağ Regional Mərkəzinin, Tərtər rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və məktəbin kollektivi iştirak edib.