ELM VƏ TƏHSİL
Şagirdlər və abituriyentlər üçün riyaziyyat fənni üzrə vəsait nəşr edilib
Bakı, 2 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi təhsil müəssisələrinin doqquzuncu sinif şagirdləri üçün riyaziyyat fənni üzrə vəsait nəşr edilib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, vəsait buraxılış imtahanlarına hazırlaşan IX və XI sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün etibarlı mənbədir. Nəşrin birinci hissəsində yeni təhsil proqramı (kurikulum) və dərsliyə əsaslanan qiymətləndirmə tapşırıqları, ikinci hissəsində isə qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları yer alıb.
Vəsaitdən ümumi təhsil müəssisələrində qiymətləndirmə vasitəsi kimi, eləcə də pedaqoji yönümlü ali təhsil müəssisələrində və müəllimlər üçün təlim kurslarında metodiki material kimi istifadə oluna bilər. Nəşri DİM-in binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.