ELM VƏ TƏHSİL
Şagirdlər yol hərəkəti qaydalarına dair maarifləndirilir
Bakı, 28 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumtəhsil müəssisələrində yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbirlər keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirlər təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək, onları yol qəzalarından qorumaq məqsədilə təşkil olunub. Həmçinin təhsil müəssisələrində yol nişanlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm müsabiqələri, yarışlar keçirilib, sərgilər təşkil edilib.
Tədbirlərdə müəllimlər, polis əməkdaşları, şagirdlər, valideynlər və tələbələr iştirak ediblər.
Tədbirlərdə məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib. Yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin vacibliyi vurğulanıb. Hər bir vətəndaşın həm özünü, həm də yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi qeyd edilib.
Tədbirlərdə şagirdlərin yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid səsləndirdiyi şeirlər və mahnılar da maraqla qarşılanıb.