REGİONLAR
Şagirdlərə “Xocalı soyqırımı” kitabı paylanılıb
Gəncə, 14 aprel, AZƏRTAC
Gəncə Dövlət Universitetinin professor və müəllimlərinin məqalələrindən ibarət “Xocalı soyqırımı” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə ali təhsil ocağının prorektoru Asif Cavadov, kitabın redaktorları, professor Həsənbala Sadıqov və Cavid Bağırzadə çıxış edərək XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı ilə bağlı kitabda verilmiş məqalələrdən danışıblar.
Sonra yığıncaqda iştirak edən orta məktəb müəllimlərinə və şagirdlərə kitabın nüsxələri paylanılıb.
Gəncə təhsil idarəsinin metodiki mərkəzinin müdiri Söhrab Hacıyev kitabın müəlliflərinə minnətdarlıq edib, bu kitabın həm müəllimlərin, həm də şagirdlərin faciə ilə bağlı daha çox maarifləndirilməsi üçün lazımi dərs vəsaiti olduğunu diqqətə çatdırıb.