ELM VƏ TƏHSİL
Şagirdlərə dövlət bayrağımızın keçdiyi tarixi yol, dövlət atributları barədə məlumat verilir
Bakı, 23 oktyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr təşkil olunur.
Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, səyyar mühazirələr BŞTİ-nin və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir.
Mühazirələrin təşkilinin məqsədi məktəbliləri milli mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdir.
Səyyar mühazirələrdə şagirdlərə Azərbaycan bayrağının günümüzə qədər keçdiyi tarixi yol, Azərbaycanın dövlət atributları haqqında məlumat verilir, müvafiq tarixi günlərin əhəmiyyəti vurğulanır. Eləcə də, şagirdlər bayrağımıza həsr olunan şeirlər səsləndirir, Azərbaycanın dövlət atributları ilə bağlı fikirlərini bölüşürlər.
Qeyd edək ki, 2017-ci ilin oktyabr-dekabr aylarında paytaxtın 19 ümumtəhsil müəssisəsində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələrin keçirilməsi nəzərdə tutulur.
Ümumilikdə, son dörd ildə BŞTİ-nin tabeliyindəki 150-dən çox ümumtəhsil məktəbində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr təşkil olunub.