CƏMİYYƏT
Şagirdlərə narkomaniyanın fəsadları haqqında məlumat verilib
Bakı, 21 fevral, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq, Bakı şəhəri üzrə təhsil müəssisələrində antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə fevralın 21-də 18 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirdə Komissiyanın işçi qrupu rəhbərinin müavini və sektor müdiri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi narkotik və psixotrop maddələrin fəsadları, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa xəstəliklərin yayılması yolları haqqında məlumat verib, tövsiyələrini çatdırıblar.
Sonra geniş müzakirələr aparılıb, müəllim və şagirdlərin sualları cavablandırılıb.
Şagirdlərə Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları paylanıb.