İQTİSADİYYAT
Şagirdlərə tükənməyən enerji növləri və alternativ enerjinin əhəmiyyəti aşılanıb
Bakı, 11 mart, AZƏRTAC
Şagirdlərə tükənməyən enerji növləri və alternativ enerjinin əhəmiyyəti aşılanıb.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, “Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək” adı altında orta məktəblərdə keçirilən silsilə tədbirlər Səbail rayon R.Əhmədov adına 203 saylı tam orta məktəbdə davam etdirilib.
Məktəbin direktoru Nailə Əhmədova və ABOEMDA-nın mətbuat katibi Rübabə Qasımova şagirdlərə alternativ enerji aylığı çərçivəsində keçiriləcək təlim-treninqlər, hazırlanacaq plakatların və çəkiləcək rəsm əsərlərinin xarakteristikası haqqında, eləcə də ekskursiyalar barədə məlumat veriblər.
ABOEMDA-nın mütəxəssisləri Cahid Mikayılov və Fəqan Abdurəhmanov tərəfindən 6-10-cu sinif şagirdlərinə tükənməyən enerji növləri, alternativ enerjinin əhəmiyyəti, ölkəmizin bu sahədə potensialı və Dövlət Agentliyinin yenilənə bilən enerji sektorunun inkişafı məqsədilə gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında nəzəri və praktik biliklər öyrədilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Həmçinin şagirdlərdə diqqətin paylanması və cəmlənməsi bacarıqlarını inkişaf etdirmək üçün oyunlar keçirilib. Şagirdlər təhsilyönümlü beyin həmləsi metodları və kreativ salamlaşma üsulları ilə tanış olublar.