CƏMİYYƏT


“Sağlam Azərbaycan Festival”ı Dövlət Bayrağı Meydanında keçiriləcək

Bakı, 22 avqust, AZƏRTAC

Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliyi və Bulvar İdarəsinin birgə dəstəyi ilə ölkədə ilk dəfə keçiriləcək “Sağlam Azərbaycan Festivalı”nın açılış mərasimi Dövlət Bayraq Meydanında olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Sağlam Azərbaycan Festivalı”nın təşkilatçısı Nigar Məmmədova keçirdiyi mətbuat konfransında açıqlama verib. Onun dediyinə görə, festivalın açılış mərasimi üçün Dövlət Bayrağı Meydanının seçilməsi təsadüfi deyil: “Biz qərara gəldik ki, ölkədə ilk dəfə keçiriləcək “Sağlam Azərbaycan Festivalı” daha çox insana açıq olsun. Buna görə də Dövlət Bayrağı Meydanı seçildi ki, həmin ərazi ölkəmizi gəzməyə gələn qonaq və turistlərə yaxşı tanışdır. Festivalda müxtəlif mədəniyyətlərin təbliği ilə yanaşı, idman və turizm sahələri, sağlam həyat tərzinə çağıran vegan mədəniyyəti də təqdim olunacaq. Məqsədimiz yerli əhali və turistlərə sağlam həyat tərzini aşılamaqdır. Festival iştirakçıları təqdim olunan bütün xidmətlərdən ödənişsiz istifadə edə biləcəklər.”

Mətbuat konfransında “Sağlam Azərbaycan Festivalı”nın proqramı da açıqlanıb. Məlumat verilib ki, festival üçün Azərbaycana Ukraynadan məxsusi dəvət olunan aşpaz Konstantin Stolyarovun bişirdiyi vegetarian yeməkləri və əcnəbi şirniyyatçı qızların hazırladığı təamlar iştirakçılara ağız dadı bəxş edəcək.

Festivalda böyüklərlə yanaşı uşaqlar üçün də zəngin və əyləncəli proqram nəzərdə tutulub. Tədbirin davam etdiyi üç gün ərzində onları üçün rəqs, yoqa, kapoeyro dərsləri, Face art və karikatura master klassları, maarifləndirici oyunlar keçiriləcək və əyləncəli proqramlar təşkil olunacaq.

“Sağlam Azərbaycan Festivalı”nın maraqlı məqamlarından biri də təşkil olunan pulsuz həkim müayinələridir. Müxtəlif sahələr üzrə ixtisaslaşmış həkimlər iştirakçıları müayinə edəcək və onlara məsləhətlər verəcəklər.

“Sağlam Azərbaycan Festivalı”nın açılış mərasimi avqustun 25-i saat 11-də Dövlət Bayrağı Meydanında keçiriləcək. Festivala giriş ödənişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.