CƏMİYYƏT
“Sağlam Həyat” uşaqlarla bağlı yeni layihəyə başlayır
Bakı, 1 avqust, AZƏRTAC
“Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda uşaq və gənclər arasında zorakılığın qarşısının alınmasının təbliğinə dair yeni layihənin icrasına başlayır.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Füzuli, Beyləqan, Quba və Şabran rayonlarında dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin, uşaqların, valideynlərin, məktəb direktorlarının, uşaq müfəttişlərinin (polis), müəllimlərin, psixoloqların, tərbiyəçilərin, bələdiyyə üzvlərinin iştirakı ilə maarifləndirmə tədbirləri keçiriləcək. Eyni zamanda, mövzu üzrə uşaqlar arasında rəsm müsabiqəsi təşkil olunacaq. Müsabiqənin yekunu olaraq 20 noyabr – Ümumdünya Uşaqlar Günü ərəfəsində Bakı şəhərində rəsm sərgisi keçiriləcək.
Layihənin yekununda təklif və tövsiyələr hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək.