CƏMİYYƏT
Sağlam diş və gözəl təbəssüm hər kəsin arzusudur
Bakı, 3 may, AZƏRTAC
Sağlam diş və gözəl təbəssüm hər kəsin arzusudur. Hər gün inkişaf edən stomatologiyada hazırda ən çox tələbat olan sahə implantasiyadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinə müsahibəsində ATU-nun ortopedik stomatologiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru Nazim Pənahov bildirib.
Həkim deyib: “İstənilən implantasiyada əsas məqsəd üzərində düzəldiləcək ortopedik konstruksiyaya xidmətin təşkilindən ibarətdir. Ortoped-stomatoloqun nəzarəti olmadan edilən implantasiya yaxşı sayıla bilməz. Klinikamızda cərrah-ortopedlə stomatoloq birgə, planlı şəkildə işləyirlər. Bunun üçün klinikamızda istənilən növ yeni avadanlıqlar, yetərincə mütəxəssis var. Bundan əlavə bu sahə üzrə dissertasiyalar müdafiə edilir, işlər aparılır. İtirilmiş dişlərin bərpası çox uzaq tarixə gedir. Demək olar ki, implantasiya qədim dövrlərdən bu günədək aktuallığını itirməyib. XX əsrdən etibarən isə texnika və elmin inkişafı ilə dişlərin artıq birbaşa çənələrə əkilməsi, salınması–implantasiya üsulları yaranıb. İmplantasiyanın əsası 1965-ci ildə İsveç alimi İnqvar Branemark tərəfindən qoyulub. O zamandan indiyədək bu sahə daima təkmilləşir. Bu gün stomatologiyanı implantsız təsvir etmək çox çətindir. Bir itirilmiş dişin yerinə iki saf dişi yonduğumuz dövr artıq arxada qalıb. Bir diş itirilir və əgər insanın sağlamlığı imkan verirsə, implantasiya üsulu ilə yeni ilə əvəzlənir”.
- İmplant dişin qoyulmasına nə vaxt qərar verilir və bunun üçün tibbi göstəriş lazımdırmı?
- Konservativ müalicə ilə bərpa oluna bilməyən və ya itirilmiş dişlər implantasiya vasitəsilə bərpa edilir. Hazırda bu sahədə çox irəliləyiş olduğundan, əvvəlcədən planlama üsullarını tətbiq etməklə, xəstədə əks göstərişləri istisna etdikdən sonra şüa diaqnostikası aparılır. Bu diaqnostika vasitəsilə insanda implantasiyanın mümkünlüyünü dəqiqləşdirmək olar.
-Diş implantatının fəsadları barədə nə deyə bilərsiniz?
-Əhali arasında belə bir qorxu yaranıb ki, implantasiyanın sonradan xərçəngə çevrilmə ehtimalı var. Hər bir qorxunun elmi əsası olmalıdır. Aparılmış tədqiqatlara əsasən deyə bilərəm ki, implantatın iltihablaşması və yerindən düşməsi halına hər 100 nəfərdən 1-2 faizində rast gəlinib, lakin indiyədək implant olunmuş insanların çənələrində şiş əmələ gəlməsi kimi bir hal qeydə alınmayıb.