ELM VƏ TƏHSİL
Sağlam düşüncəli gənclərin yetişməsində müəllimlərin xidmətləri əvəzsizdir
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Bakı Slavyan Universitetində (BSU) 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin müəllimlərini əlamətdar gün münasibətilə təbrik edib. Vurğulanıb ki, Azərbaycanın dövlət siyasətində müəllimə olan hörmət və qayğı daim xüsusi yer tutur. Ümummilli lider Heydər Əliyevin “Mən həyatda qazandığım bütün uğurlara görə müəllimlərimə borcluyam!” fikrini xatırladan rektor ölkəmizin parlaq gələcəyi üçün sağlam düşüncəli gənclərin yetişməsində əvəzsiz xidmətləri olan müəllimlərə minnətdarlığını bildirib.
BSU-nun müəllimlərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edən əmək veteranı, jurnalist Hacı Tofiq Seyidzadə bu nəcib peşənin sahiblərinə həsr etdiyi şeirini söyləyib. O, vaxtilə tələbəsi olduğu Azərbaycan Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun müəllimlərinə minnətdarlığını bildirib.
Sonda tədbir iştirakçıları BSU-nun Gənc Rəssamlar Klubunun üzvlərinin müəllimlərə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxıblar.