CƏMİYYƏT


Abşeron Milli Parkında sağlam həyat tərzini təşviq edən qaçış marafonu keçirilib

Bakı, 9 noyabr, AZƏRTAC 

Noyabrın 9-da Dövlət Bayrağı Günü ilə əlaqədar Abşeron Milli Parkında “Sağlam ətraf mühit, sağlam həyat naminə” ilk qaçış marafonu keçirilib.

“Sən də qoşul, dostlarını sağlam ətraf mühitdə sağlam yaşamağa dəvət et!” şüarı altında təşkil olunan marafona Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti dəstək verib və kollektiv şəkildə yürüşə qoşulub.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova qaçış marafonunun keçirilməsində əsas məqsədin təkcə milli parklarda ekoturizmin inkişafına nail olmaq deyil, eyni zamanda, insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək verməyə çağırmaq, milli parklarda bu cür tədbirlərin keçirilməsi ənənəsini formalaşdırmaq və sağlam həyat tərzini təbliğ etmək olduğunu deyib.

Mətbuat katibi bildirib ki, ilk dəfə olaraq Azərbaycanın milli parklarından birində kütləvi maarifləndirici və ətraf mühitin mühafizəsinə diqqət çəkən qaçış marafonu keçirildi. Bu, həm ekoloji turizmin təbliğidir, həm də sağlam həyat tərzinin təşviqinə yönələn, insanların həftəsonu günlərini təbiət ərazilərində səmərəli keçirmələri üçün bir nümunədir. Çox sevindiricidir ki, Dövlət Bayrağı Gününü milli parkda yaddaqalan tədbirlə qeyd etdik. Ətraf mühitin sağlamlaşdırılmasına, sağlam həyat tərzinin aşılanmasına hədəflənən bu cür tədbirlər davamlı olaraq digər milli parklarımızda da təşkil olunacaq.

Marafona qoşulan 70-ə yaxın iştirakçı 6 kilometr məsafə qət edib. Finiş xəttini keçən ilk üç marafonçu hədiyyələrlə mükafatlandırılıb. Həmçinin marafonun bütün iştirakçılarına mayın 1-dək yaxınları ilə birgə Abşeron Milli Parkına birdəfəlik ödənişsiz giriş imkanı verən dəvətnamə təqdim olunub.

Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Leyla Məmmədova Ekologiya və Təbii Sərvətlər Nazirliyinə əlamətdar bir gündə təbiət qoynunda marafon təşkil etdiyinə görə minnətdarlığını bildirərək deyib: “Bayram günü olmasına baxmayaraq, hər iki qurumun əməkdaşları marafonda aktiv iştirak etdilər. Bu gün sağlam həyat tərzini təbliğ etdik, ətraf mühitin mühafizəsinə diqqət çəkdik və milli parklarımızdan birini göstərmiş olduq. Düşünürəm ki, bu tədbiri keçirməklə digər insanlara yaxşı nümunə ola bildik”.

Yarışın qalibləri - Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Şahmar Rzayev və Günəş Bünyadzadə qaçış marafonunun təşkilini təqdirəlayiq hal kimi qiymətləndiriblər. Onlar bu gün milli parkda sağlam həyat tərzi keçirdiklərini və buradan xoş təəssüratlarla ayrıldıqlarını bildiriblər. Yarış iştirakçıları digər qurumların da belə tədbirlər keçirməsini tövsiyə ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.