REGİONLAR
Sağlam gənclik sağlam gələcək deməkdir!
Lənkəran, 29 sentyabr, İ.Cəfərli, AZƏRTAC
Yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq, bəşəriyyətin böyük bəlası sayılan narkomaniyaya qarşı mübarizəni daha səmərəli təşkil etmək məqsədilə polis əməkdaşları tərəfindən təhsil müəssisələrində maarifləndirici görüşlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə növbəti bu cür tədbir rayonun Nərimanabad qəsəbə tam orta məktəbinə təşkil olunub. Əvvəlcə tədbir iştirakçıları məktəbin girişində şəhidlərimizin xatirəsinə qoyulmuş abidəni ziyarət edib, önünə tər güllər düzüblər. Çıxış edən Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov bu cür görüşlərin yeniyetmə və gənclərin sağlam həyat tərzini seçmələri istiqamətində maarifləndirilməsində önəmli olduğunu qeyd edib. İnsanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən narkomaniya barəsində geniş məlumat verilib, sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu bildirilib.
Şöbə rəisi şagirdləri təhsilə və sağlam həyat tərzinə daha həvəslə yanaşmağa, dövlətin, cəmiyyətin və valideynlərinin onlara bəslədiyi etimadı doğrultmağa çağırıb. Qeyd edib ki, gələcəkdə xalqı, Vətəni üçün gərəkli övlad olmaq istəyən gənc ilk növbədə sadalanan zərərli vərdişlərdən, o cümlədən narkomaniyadan uzaq durmalıdır.
Sonra mövzu ətrafında çıxışlar dinlənilib, narkomaniyanın zərərli təsirlərindən bəhs edən videoçarx izlənilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.