CƏMİYYƏT
Sağlam həyat tərzi II tip diabetin qarşısını ala bilər
Bakı, 23 iyun, Əziz Məmmədov, AZƏRTAC
Şəkərli diabet dünyanın, demək olar, bütün ölkələrinin səhiyyə sistemləri üçün prioritet olan çox kəskin tibbi-sosial problemdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Diabet Liqasının Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşdırdığı “Diabetə birlikdə qalib gələk” layihəsinin əlaqələndiricisi, endokrinoloq Gülnar Qafarova AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.
O, iyunun 23-də Bakının Yasamal rayonu parkı ətrafında diabet xəstələrinin idman yürüşünün keçirildiyini bildirərək deyib: “Şəkərli diabetin geniş yayılmış xəstəlik olması, ölüm halları və əlillik faizinin yüksək olması problemin dramatizmini və aktuallığını daha da artırır. Profilaktik tədbirlər və müalicə vaxtında həyata keçirilməyəndə, diabet çox ciddi fəsadlar törədir. Xəstəlik sürətlə inkişaf edərək sosial-tibbi problemlər yaradır, ölkələrin iqtisadiyyatına və ailələrin maddi durumuna təsir göstərir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da diabet xəstələrinin sayının artmasının əsas səbəbi hərəkətsiz həyat tərzi, yanlış qidalanma və artıq çəkidir. Amma sağlam həyat tərzi II tip diabetə tutulma hallarının təqribən 70 faizinin qarşısını ala bilər. Bu xəstəliyin profilaktikası ilə müqayisədə onun müalicəsi daha çox xərc tələb edir. Diabetə qarşı mübarizənin ən səmərəli vasitəsi isə elə maarifləndirmə işinin davam etdirilməsidir”.