CƏMİYYƏT
Sağlam həyat tərzinin təbliği və narkomaniyanın zərərləri ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 18 iyul, AZƏRTAC
Sağlam həyat tərzinin təbliği və narkomaniyanın ziyanı ilə bağlı SMS bildirişin (Dövlət Komissiyasının İşçi Qrupu: Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənmək və heç bir halda ondan istifadə etməməkdir! www.nmdk.gov.az, Baş Narkotiklərlə Mübarizə İdarəsi (012) 590-21-10, Respublika Narkoloji Mərkəzi (012) 455-07-61) ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları tərəfindən iyulun 17-dən etibarən abunəçilərə göndərilməsinə başlanılıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan AZƏRTAC-a bildiriblər ki, SMS bildirişlər Azərbaycan Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4-cü bölməsinin (4.4-cü profilaktika, müalicə, reabilitasiya və maarifləndirmə üzrə tədbirlər) icrası ilə əlaqədar göndərilir.