CƏMİYYƏT


“Sağlam həyat tərzinin təşviqi” mövzusunda keçirilən beynəlxalq təlim kursuna yekun vurulub

Bakı, 13 sentyabr, Həsrət Mahmudova, AZƏRTAC 

Gənclər və İdman Nazirliyinin və MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi, “Addım” Yaradıcı Gənclər Təşkilatının təşəbbüsü ilə gənc jurnalistlər, bloqqerlər, fəal sosial şəbəkə istifadəçiləri üçün reallaşdırılan “Sağlam həyat tərzinin təşviqi” mövzusunda beynəlxalq təlim kursunun bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 13-də təşkil olunan yekun kursda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Səhiyyə nazirinin müavini Rahim Əliyev, “Addım” Yaradıcı Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə çıxış edərək “Sağlam həyat tərzinin təşviqi” mövzusuna həsr olunan tədbirin əsas məqsədinin gənc jurnalistlərin, bloqqerlərin, sosial şəbəkələrin fəal istifadəçilərinin sağlam həyat tərzi problemləri ilə bağlı maarifləndirilməsi, rəqəmsal mediada və sosial şəbəkələrdə sağlam həyat tərzinin təbliği, həmçinin müasir texnologiyalardan və media mənbələrindən yararlanaraq bu mövzunun daha geniş auditoriyaya çatdırılmasından ibarət olduğunu bildiriblər.

Diqqətə çatdırılıb ki, həyat tərzi insanın şəxsi təcrübəsinə, adət-ənənələrə, cəmiyyətdə normalara əsaslanan davranış sistemidir. Sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillərin, xüsusilə gündəlik iş rejiminin, səmərəli qidalanmanın, idmanla məşğul olmağın, xoş və qarşılıqlı ünsiyyətin böyük təsiri var. Bu baxımdan gənc nəslin sağlam böyüməsi üçün erkən yaşlarından onlarda sağlam həyat tərzinə uyğun vərdişlərin formalaşması çox vacibdir. Sağlam həyat tərzinin formalaşmasında önəmli rol oynayan amillər rəqəmsal mediada, o cümlədən sosial şəbəkələrdə istifadəçilər tərəfindən geniş təbliğ olunmalıdır. Bu, gənclərin mövzuya daha həssas yanaşmalarında və sağlam həyat tərzinə üstünlük vermələrində mühüm rol oynayır.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.

Təlimdə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan və Ukraynadan 70-ə yaxın gənc iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.