CƏMİYYƏT
“Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirləri Bakı, Sabirabad və Saatlıda keçirilib
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərində maarifləndirmə tədbirlərini davam etdirir.
AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, növbəti görüşlər Bakı şəhəri Yasamal rayonu 153 saylı orta məktəb, Xətai rayonu 55 saylı orta məktəb, Sabirabad rayonu M.Müşfiq adına 4 saylı tam orta məktəb və Saatlı rayonu Valeri Əsgərov adına 4 saylı tam orta məktəbin şagirdləri ilə keçirilib. Tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara agentliyin hazırladığı müxtəlif maarifləndirici videoçarxlar təqdim edilib.
Daha sonra agentliyin əməkdaşları məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, şəkərin ziyanları, qablaşdırma məhsullarının qidaya təsiri, enerji içkilərinin insan orqanizmində yaratdığı fəsadlar, gündəlik qida rasionunun təşkili barədə ətraflı məlumat veriblər.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar şagirdlərə paylanılıb.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi planlaşdırılır.