ELM VƏ TƏHSİL
“Sağlam mühit – sağlam gələcək” layihəsi üzrə növbəti cizgi filmi hazırlanıb
Bakı, 21 yanvar, AZƏRTAC
“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində məktəblilər üçün növbəti cizgi filmi “WASH” (su-sanitariya-gigiyena) mövzusunda hazırlanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, animasiya filmi qlobal dayanıqlı inkişaf məqsədlərindən altıncısı olan “Təmiz su və sanitariya” mövzusu üzərində qurularaq, sanitariya və gigiyena barədə məlumatların təhsilalanlara vizual şəkildə çatdırılması və təbliğindən bəhs edir. Mövzunun seçilməsində əsas məqsəd tükənən resursların məişətdə davamlı istifadəsinin düzgün istiqamətləndirilməsi ilə su qaynaqlarının dayanıqlı idarə olunduğu əlverişli mühitin yaradılmasına töhfə verməkdir. Həmçinin əllərin yuyulması ilə patogenlərin, xüsusilə COVID-19 virusu daxil olmaqla infeksiyaların qarşısının alınması prosesində təhsilalanlar arasında davranış dəyişikliyinə nail olmaqdır.
Qeyd edək ki, layihə 2016-2020-ci illər üçün Azərbaycan hökuməti ilə UNICEF arasında imzalanmış əməkdaşlıq proqramı çərçivəsində icra olunur. Layihənin əsas məqsədi cəmiyyətdə dayanıqlı inkişaf məqsədləri üzrə məlumatlılığın artırılması, ekoloji mədəniyyətin, həmçinin məişətdə iqlim dəyişmələrinin qarşısının alınması üçün davranış tərzinin formalaşdırılmasıdır. Layihə çərçivəsində dayanıqlı inkişaf məqsədlərinin təbliği mövzusunda daha bir öyrədici animasiya filminin, həmçinin kiçikyaşlı məktəblilər üçün maarifləndirici videooyun tətbiqinin hazırlanması planlaşdırılıb.