ELM VƏ TƏHSİL
“Sağlam təhsil - sağlam millət” layihəsi üzrə fəaliyyət göstərən müəllimlər mükafatlandırılıb
Bakı, 28 iyun, AZƏRTAC
İyunun 28-də Təhsil Nazirliyində “Sağlam təhsil - sağlam millət” layihəsi üzrə fəaliyyət göstərən müəllimlərin və bir qrup əməkdaşın mükafatlandırılması mərasimi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Sağlam təhsil - sağlam millət” layihəsinin rəhbəri Şamil Süleymanov layihə barədə məlumat verib. Bildirilib ki, hazırda Bakı və Sumqayıt şəhərlərində 38 məktəbin 168 sinfində “Sağlam təhsil - sağlam millət” layihəsi tətbiq edilir. İl ərzində üç dəfə olmaqla “Sağlam təhsil” siniflərinin müəllimləri üçün tibbi-gigiyenik, pedaqoji, psixoloji, sosioloji təlimlər keçirilib. Şagirdlərin sosiallaşma bacarıqlarının artırılması məqsədilə müxtəlif tədbirlər təşkil edilib. Eyni zamanda, Təhsil İnstitutunun və Azərbaycan Tibb Universitetinin mütəxəssisləri tərəfindən “Sağlam təhsil” siniflərində monitorinqlər aparılıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov diqqətə çatdırıb ki, layihənin məqsədi fiziki-psixi və mənəvi sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik Azərbaycan vətəndaşının, qlobal dünyaya hazır olan nəslin yetişdirilməsidir.
Nazir müavini Təhsil Nazirliyinin müvafiq layihə çərçivəsində önəmli tədbirlər həyata keçirdiyini söyləyib. O bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər təhsil sistemi anlayışına baxışı da yeniləyib. “Sağlam təhsil - sağlam millət” layihəsi gənc nəslin bu yeniliklərə daha hazırlıqlı olması zərurətindən irəli gəlib.
Tədbirdə 16 nəfər ibtidai sinif müəlliminə, layihənin pedaqoji, tibbi-gigiyena, psixologiya, sosiologiya blokunun nümayəndələrinə Təhsil Nazirliyinin təşəkkürnamələri təqdim olunub.