İQTİSADİYYAT


“Sağlam və təhlükəsiz əməyin təşkili” mövzusunda sahibkarlar üçün təlim keçirilib

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Sağlam və təhlükəsiz əməyin təşkili” mövzusunda təlim keçirilib.

ASK-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Əmək Təşkilatının eksperti Ekaterina Kuznetsova tərəfindən keçirilən təlimdə inşaat, logistika və başqa sektorları təmsil edən sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.

Təlim zamanı iş yerlərində qəzaların və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə beynəlxalq yanğın təhlükəsizliyi qaydaları və digər təhlükəsizlik normaları haqqında iştirakçılara məlumat verilib. E.Kuznetsova bildirib ki, iş yerlərində mövcud olan təhlükələrin aşkar olunması və risklərin qiymətləndirilməsi profilaktik tədbirlərin əsasını təşkil edir.

“Hər bir müəssisənin əsas məqsədi gəlir əldə etməkdir. Lakin bu işçilərin təhlükəsizliyini və sağlamlığını təhlükə altına qoymalı deyil. İşəgötürən anlamalıdır ki, iş yerlərində bədbəxt hadisələr onlar üçün həm də insan və maliyyə itkisidir. Bütün müəssisələr ən azından öz ölkələrindəki əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun fəaliyyət

göstərməlidirlər. Hər bir müəssisə iş yerində sadə profilaktik tədbirləri həyata keçirməklə təhlükəsizlik səviyyəsini yüksəldə bilər. Məsələn, iş yerlərində yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanmalıdır. Fövqəladə hal zamanı işçilərin davranış qaydalarını öyrənmək üçün vaxtaşırı təxliyə təlimlərinin keçirilməsi vacibdir. İşçiləri odsöndürücü balonların növləri və istifadə qaydaları haqqında məlumatlandırmaq olduqca önəmlidir. Çünki balonun üzərində göstərilən nişandan asılı olaraq onun təyinatı fərqlənir. Məsələn bərk maddələrin yanması zamanı köpüklü balondan istifadə edilirsə, elektrik cihazlarında baş verən yanğınların söndürülməsində karbon dioksid (C02) qazla işləyən balondan istifadə olunur. Bundan başqa xilasetmə komandası hadisə yerinə gəlincə zərərçəkmişə ilk tibbi yardımın necə göstərilməsi barədə işçilər məlumatlı olmalıdırlar”, - deyə təlimçi bildirib.

Təlimin birinci günü sahibkarlara təhlükəli, zərərli, toksik, partlayış və yanğın təhlükəli maddələrin xüsusiyyətləri haqqında ətraflı məlumat verən ekspert qeyd edib ki, təhlükəli maddələr doğurduqları riskdən asılı olaraq kateqoriyalara bölünür. İstehsalatda istifadə olunan və insan orqanizmi üçün təhlükə yaradan müxtəlif maddələrin saxlanması, daşınması və utilizasiyası haqqında işəgötürənlərə məlumat verilib.

Təlim noyabrın 2-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.