CƏMİYYƏT
“Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsinin tətbiqinə dair seminar keçirilib
Bakı, 17 yanvar, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Dünya Səhiyyə Təşkilatı (DST) ilə birlikdə “Sağlamlığı təşviq edən məktəblər” mövzusunda ikigünlük seminar keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) şəbəkəsi DST üzrə Avropa regionunun 45 ölkəsində səhiyyə və təhsilin inkişafı siyasətinin ayrılmaz hissədir. Məktəblərdə sağlamlığın, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas vəzifəsi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına kömək etməkdir. Hazırkı seminar şəbəkənin sağlam həyat tərzinin təbliği istiqamətində təcrübə və tövsiyələrindən Azərbaycanın məktəblərində istifadə edilməsi üçün təşkil olunub.
DST-nin Avropa Regional Bürosundan dəvət olunmuş ekspertlərin iştirakı ilə keçirilən seminarın əsas məqsədi Azərbaycanda məktəbyaşlı uşaqların sağlamlığı və rifahının yaxşılaşdırılması üçün başlıca imkanların, məktəblərdə səhiyyə xidmətlərinin təşkili ilə əlaqədar mövcud strategiya və proqramların nəzərdən keçirilməsi, səhiyyə xidmətləri üçün DST standartları ilə tanışlıq və bu xidmətlər üzrə istiqamətin müəyyən edilməsidir.
Tədbirdə İSİM-in direktoru Ceyhun Məmmədov Azərbaycanda dövlət tərəfindən uşaqlara daim qayğı göstərilməsindən danışıb. Vurğulayıb ki, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqlamı”, “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” və digər sənədlər müvafiq sahədə görülən işlərə mühüm töhfə verir.
Seminarda Avropada “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsinin təcrübəsi, Azərbaycan məktəblərində uşaqların sağlamlıq vəziyyəti, uşaqlarda sağlam davranışların inkişaf etdirilməsi məsələləri müzakirə edilib. DST-nin Avropa Regional Bürosunun müşaviri M.Veber məktəblərdə sağlamlıq xidmətlərinə dair DST standartları və qaydaları, Avropada “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsinin sədri Quf Buics isə müvafiq layihə çərçivəsində görülən işlər barədə məruzə ediblər.